Rusiyanı TŞ-dan çıxarmaq mümkün olmayacaq  - Əlövsət Abdullayev

16:35 04.03.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Bu gün gərginliyi ilə diqqət çəkən Rusiya-Ukrayna müharibəsi Rusiyanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) daimi üzvlüyündən çıxarılması məsələsini gündəmə gətirib. Artıq dünya gücləri, eləcə də beynəlxalq ictimaiyyətin müzakirə hədəfinə çevrilən məsələ birmənalı qarşılanmır. Sual olunur: Rusiyanın BMT Təhlükəsizlik Şurasından çıxarılması nə dərəcədə mümkündür?

Artıq ABŞ açıqlama  verib ki, 1945 -ci ildə yaradılan və  BMT-nin nizamnaməsinə imza atan ilk dövlətlərdən biri Rusiya olub. Ona görə də Rusiyanın BMT Təhlükəsizlik Şurasından uzaqlaşdırılması o dərəcədə də real görünmür. 

Buna baxmayaraq SSRİ -də olan dövlətlərin BMT TŞ-da Rusiya ilə birgə nə dərəcədə təmsil olunması imkanları da müzakirə olunur.

Məlum olduğu kimi vaxtilə Azərbaycan, Qazaxıstan, Ukrayna, Baltikyanı ölkələr hamısı 1945-ci ildə SSRİ ilə birlikdə  BMT-TŞ-də təmsil olunublar. 

Belə ehtimallar da səslənir ki, əgər bu gün Rusiya SSRİ-nin davamçısı kimi BMT TŞ-da təmsil olunursa,  Azərbaycan, eləcə də SSRİ daxilində olan 15 ittifaq respublikaları hamısı SSRİ-nin davamçısı sayılaraq  BMT-TŞ-nın üzvü olmalıdır.

Rusiyanın BMT-nin TŞ-nin daimi üzvlüyündən çıxarılması məsələsinə Rusiyanın SSRİ-nin davamçısı məntiqi ilə yanaşılırsa, o zaman Azərbaycanın da vaxtilə SSRİ-nin tərkibində olan bir dövlət kimi beynəlxalq hüquqa əsasən BMT TŞ-nin daimi üzvü olma hüququ varmı?

Hüquq üzrə fəlsəfə doktoru, Əlövsət Allahverdiyev  hafta.az-a açıqlamasında bildirib ki, Rusiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyündən xaric olunması günün çox aktual mövzularındandır.  Onun sözlərinə görə, Ukrayna tərəfi bununla bağlı təkliflə çıxış edib.

“Əslində bu məsələdə həqiqət necə olmalıdır? Məlumdur ki, BMT-nin məqsədi dünyada sülhün, təhlükəsizliyin təmin olnmasına xidmət etməkdir. Sülhü təmin etmək vəzifəsi isə Təhlükəsizlik Şurasına həvalə olunmuşdur. Məsələ burasındadır ki, Təhlükəsizlik Şurasının beş daimi üzvünün hər biri, birmənalı olaraq, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında maraqlı olmalıdırlar. Sülhə təhlükə yaradan, dövlətin suverenliyinə qəsd edən, habelə siyasətinin qayəsini təcavüzkarlıq təşkil edən bir dövlətin Təhlükəsizlik Şurasında qalması və eyni zamanda iclaslara rəhbərlik etməsi BMT-nin məqsədləri ilə bir araya sığmır. Məntiqlə bu belə başa düşülməlidir”.

Bununla belə hüquqşünas hesab edir ki, BMT nizamnaməsində konkret olaraq Təhlükəsizlik Şurasınınn daimi üzvlərinin üzvlükdən çıxarılması mexanizmi yoxdur.

“Bilirsiniz ki, Təhlükəsizlik Şurasının 15 üzvü var, 10 üzvü iki illik müddətə seçilən dəyişən, 5-i isə dəyişməyən daimi üzvlərdir. Məhz “daimi üzvlük” anlayışı onu deməyə əsas verir ki, bunlar dəyişməzdir. Amma hər hansı bir ölkənin Birləşmiş Millətlər Təşkilatından çıxarılması prosesi var.Bunun üçün Təhlükəsizlik Şurasının tövsiyəsi əsasında BMT Baş Assambleyasının səsverməsi lazımdır. Bu isə indiyə qədər heç vaxt baş verməyib. Və nəzərə alsaq ki, Rusiyanın Təhlükəsizlik Şurasında veto hüququ var, Şura Rusiyanın razılığı olmadan onun çıxarılmasını tövsiyə edə bilməz.  Təbii ki, bu baş verə bilməz, Rusiya özünə qarşı heç bir halda çıxış etməz.  Deməli, Rusiyanı TŞ-dan çıxarmaq mümkün olmayacaq”.

 Ə.Abdullayev qeyd edib ki, SSRİ-dən sonra Rusiyanın  Təhlükəsizlik Şurasının üzvlük statusunu mənimsəməsi məsələsinin cavabı isə çox sadədir.

“Müstəqil Dövlətlər Birliyinin yaradılması və hüquqi varislik məsələsi də SSRİ-nin dağılmasından sonra aktuallaşdı. SSRİ dağıldıqdan sonra varis dövlətlər arasında ortaya çıxan məsələlərdən bir neçəsi, SSR-nin arxivlərinə, boclarına və daşınar və daşınmaz mülkiyyətinin bölünməsi oldu. SSRİ-nin xaricdəki bütün mülkiyyətinin bölünməsi haqqında 1992-ci il 6 iyul tarixli Sazişə müvafiq olaraq, varis dövlətlər üçün bu mülkiyyətdə konkret paylar müəyyən edildi:- Rusiya -61,34%, Ukrayna 16,37%, Azərbaycan-1,64% və s. Sazişdə eyni zamanda göstərilirdi ki, bu payın qəbul edilməsi və varis dövlətin SSRİ-nin xarici borclarının ödənilməsində müvafiq həcmdə iştirak etməsi bir-birilə qarşılıqlı surətdə bağlıdır. Nəticə etibarilə, demək olar ki, bütün varis dövlətlər SSRİ-nin xaricdəki mülkiyyətindəki öz paylarını Rusiyaya verdilər, Rusiya isə bunun qarşılığında onların müvafiq borc öhdəliklərini öz boynuna götürdü.  Sovet respublikalarının əksəriyyəti tərəfindən 1991-ci ildə Alma-Ata Protokolu imzalandı, Sovet İttifaqının süqutu elan olundu və varisliyin Rusiyaya verilməsi ilə razılaşıldı. Bu məqsədlə də Rusiya BMT-yə məktub yazaraq, SSRİ-nin adının Rusiya Federasiyasına dəyişdirilməsini və başqa heç nəyi dəyişməyəcəyini xahiş etdi. İkinci sualınızın cavabı budur ki, vaxtilə Rusiyaya varislik imkanını keçmiş İttifaq respublikaları özləri veriblər, bu səbəbdən də Təhlükəsizlik Şurasının üzvü kimi tanınma da varislikdən irəli gəlir. Bütün bunlara görə başqa dövlətlər varislik iddiasında çıxış edib Təhlükəsizlik Şurasının üzvlüyünə can ata bilməzlər. Bu mənada Azərbaycan Respublikasının da varis dövlət kimi Təhlükəsizlik Şurasının daimi üzvlüyü müzakirə mövzusu ola bilməz”.